Qadın həndbolçulardan ibarət klub 2017-ci ilin fevral ayında təsis olunub. Yarandığı ildə həndbol üzrə 24-cü Azərbaycan çempionatına qatılan paytaxt təmsilçisi gümüş mükafata layiq görülüb. Həmin il çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında da qüvvəsini sınayan “Azəryol” bu yarışda da mükafatçılar sırasına yüksəlib. “Azəryol-1” və “Azəryol-2” adı ilə yarışa qatılan klubun həndbolçuları etimadı doğruldublar. Belə ki, “Azəryol-1” çempionatın gümüş medallarına sahib çıxıb. Avropa Həndbol Federasiyasının “Çağırış kuboku” turnirində çıxışa gəlincə, “Azəryol”un dübütü uğurlu alınıb. İlk mərhələdə Lüksemburqun “HB Dudelanj” komandasına hər iki görüşdə qalib gələn komandamız rəqibi mübarizədən kənarlaşdırıb. 1/4 final mərhələsində isə, “Azəryol” “Kristiansiad” (İsveç) səddini adlaya bilməyib. Ölkə kuboku uğrunda yarışlarda isə, fəxri kürsüdən kənarda qalan “Azəryol” 25-ci Azərbaycan çempionatını da gümüş medallarla bitirib.
