Bu gün Avropa Həndbol Federasiyasının (EHF) ofisində həndbol üzrə növbəti avrokubok mövsümünün püşkü atılıb.
İlkin təsnifat mərhələsindən mübarizəyə qoşulacaq qadın həndbolçulardan ibarət “Azərsu” komandası “EHF kuboku” turnirində Polşanın “Metrako Zaqlebie Lubin” klubu ilə üz-üzə gələcək. İlk oyunlar sentyabrın 8-9-na, cavab görüşləri isə 15-16-na təyin olunub.
Püşk qadın həndbolçulardan ibarət “Azəryol”a “Çağırış kuboku” yarışında Türkiyənin “Ankara Yeniməhəllə BSK” komandasını rəqib edib. Üçüncü mərhələdən başlanacaq turnirdə ilk oyunlar noyabrın 10-11-də, cavab qarşılaşmaları isə 17-18-də keçiriləcək.
Kişi həndbolçuların “Çağırış Kuboku” turnirindəki təmsilçimiz “Bakı” Bosniya və Herseqovinanın “RK Borak” komandası ilə qarşılaşacaq. İkinci mərhələdən mübarizəyə qoşulacaq rəqiblərin ilk oyunları oktyabrın 6-7-də, cavab görüşləri isə 13-14-də olacaq.