Ölkəmizi Avropa miqyaslı yarışlarda təmsil edən komandalardan biri “Azəryol”dur. Qadın həndbolçulardan ibarət klub, 2017-ci ilin fevral ayında təsis olunub. Yarandığı ildə həndbol üzrə 24-cü Azərbaycan çempionatına qatılan paytaxt təmsilçisi, gümüş mükafata layiq görülüb. Həmin il çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında da qüvvəsini sınayan “Azəryol”, bu yarışda da mükafatçılar sırasına yüksəlib. “Azəryol-1” və “Azəryol-2” adı ilə yarışa qatılan klubun həndbolçuları etimadı doğruldublar. Belə ki, “Azəryol-1” çempionatın gümüş medallarına sahib çıxıb. Avropa Həndbol Federasiyasının “Çağırış Kuboku” turnirində çıxışa gəlincə, “Azəryol”un debütü uğurlu alınıb. İlk mərhələdə Lüksemburqun “HB Dudelanj” komandasına hər iki görüşdə qalib gələn komandamız rəqibi mübarizədən kənarlaşdırıb. 1/4 final mərhələsində isə, “Azəryol” “Kristiansiad” (İsveç) səddini adlaya bilməyib. Komanda 25-ci Azərbaycan çempionatını da gümüş medallarla bitirib. Ölkə kuboku uğrunda yarışlarda isə, fəxri kürsüdən kənarda qalan “Azəryol”, çempionatın gümüş mükafatçısı kimi, yenidən “Çağırış Kuboku” turnirində ölkəmizi təmsil edəcək.
Qadın həndbolçulardan ibarət daha bir komandamız – “Azərsu” 2017-ci ilin iyulunda yaradılıb. “Azərsu” ən yüksək nəticəsinə 25-ci Azərbaycan çempionatında imza atıb. Komanda sözügedən yarışın baş mükafatına layiq görülüb. Çimərlik həndbolu üzrə ölkə çempionatında çıxışı uğursuz alınan “Azərsu”, Azərbaycan kuboku uğrunda yarışlarda yenidən inamlı təsir bağışlayaraq, ikinci pillənin sahibi olub. Son ölkə çempionu, “EHF Cup” uğrunda yarışlarda qüvvəsini sınayacaq.
Kişi həndbolçulardan ibarət “Bakı” komandasının da təməli 2017-ci ilin iyul ayında qoyulub. Yarandığı gündən iddialılar sırasında olan paytaxt klubu, mükafatları sıralayıb. Əvvəlcə çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına qatılan komanda gümüş medalların sahibi olub. Ardınca, XXV ölkə çempionatı və Azərbaycan kuboku uğrunda yarışlarda bütün rəqiblərini üstələyən “Bakı” 2017-2018-ci il mövsümünü qızıl dublla yekunlaşdırıb. Bununla kifayətlənməyən paytaxt həndbolçuları, mayın 9-dan 11-dək Bakıda təşkil olunan, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən beynəlxalq turnirdə də inamla mübarizə aparıb. Qələbəyə əsas namizədlərdən sayılan “Bakı” bu turniri ikinci pillədə başa vurub. Ümumilikdə isə, mövsümün ən uğurlu komandalarından hesab olunan “Bakı”, “Çağırış kuboku” uğrunda yarışlarda da etimadı doğrultmağa çalışacaq.